“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, www.zengezur.com saytının təsisçi və baş redaktoru Hacı Abdulla mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX əsr – XX əsrin 20-ci illəri)” mövzusunda dissertasiya müdafiə edib. Elmi rəhbər akademik Yaqub Mahmudovdur.
Dissertasiya Şurasının üzvləri mövzunun aktuallığını, elmi-tarixi, siyasi-hüquqi əhəmiyyətə malik olduğunu, mühüm nəticələrin, elmi yeniliklərin əldə edildiyini, istinadların, qaynaqların zənginliyini xüsusi vurğulayıblar. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq XIX-XX əsrin əvvəllərində Zəngəzur bölgəsində əhalinin demoqrafik durumu, köç, deportasiya, etnik təmizləmə, soyqırımı, işğal tarixinin ardıcıl, sistemli şəkil-də, arxiv materialları, elmi-tarixi mənbələrə əsaslanaraq tədqiq edildiyi faktlarla vurğulanıb.
Hacı Abdullaya tarix üzrə fəlsəfə doktoru elmi adı verilməsi barədə qərar yekdilliklə qəbul olunub.
H.Abdulla Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiridir. 12 kitabın, o cümlədən doğma Zəngəzur torpaqlarının keçmişi ilə bağlı 4 kitabın, xarici ölkələrdə və respublikamızda çıxan elmi jurnallarda dərc olunmuş 30-dan çox məqalənin müəllifidir.