Şair İsmayıl İmanzadənin vəfatına

Şair İsmayıl İmanzadənin vəfatına

Tanınmış şair İsmayıl İmanzadə vəfat edib. 10 dekabr  1945-ci ildə Cəbrayıl rayonunun Böyük  Mərcanlı kəndində anadan olan İsmayıl İmanzadə uzun illər rayonun müxtəlif orta məktəblərində müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışmışdır. Harada çalışmağından asılı olmayaraq onun sinəsindəki şair ürəyi həmişə könüllərə xoş duyğular bəxş edən qanadlı misralar pıçıldayıb. 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşan şair  Mingəçevirdə çıxan  qəzetilərdə çalışıb. 1999-cu ilin oktyabr ayından Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri olub. Nur şəhərində və ətraf bölgədə ədəbi mühitin formalaşmasında, istedadların üzə çıxıb püxtələşməsində, respublikada tanınmasında sanballı xidmətləri olub. İlk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində, “Səni soraqlaram” adlı ilk şeirlər kitabı isə 1980-cı ildə “Gənclik” nəşriyyatında nəşr olunub. Bü günə  qədər müxtəlif nəşriyyatlarda otuzadək kitabı işıq üzü görüb. Tanınmış bəstəkarlardan Faiq Sücəddinov, Şəfiqə Axundova, Nadir Əzimov, Razim Paşayev, Məlahət Həmidqızı və başqaları şairin sözlərinə müsiqilər bəstələyib. “20 Yanvar” etüdləri” adlı poeması və 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulan “Xocalı notları” adlı pyesi Azərbaycan radiosunun və AZTV-nin qızıl fondunda saxlanılır. Şairin yurd həsrətli şeirləri daha çox populyar olub, sevilib. İki qız övladı, nəvələri var. 

Allahdan əziz şairimizə rəhmət diləyir, əzizlərinə başsağlığı veririk.  

 “Zəngəzur” Cəmiyyətləri Birliyininin İdarə Heyəti adından sədr Hacı Nərimanoğlu