QƏHRƏMANLAR UNUDULMUR ...(Ermənilərin qorxduğu kabus)
Qarabağ müharibəsində Azərbaycanın əfsanəvi qəhrəmanı olmuş Şahbaz Quliyev (Bozqurd) haqqında döyüş dostlarının xatirələri.
Şahbaz Quliyev haqqında onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqları haqqında danışılanda sanki bir anlığa xəyallara dalırsan və fikirləşirsən ki, bir döyüşçü bu qədər döyüş şücaətləri, ağlagəlməz qəhrəmanlıqlar göstərə bilərmi!? Hətta Şahbazın hansı bir qəhrəmanlığından danışmağa başlayıb hansında qurtacağını da bilmirsən. Bunların sayı hesabı yoxdur. O, adam böyük hərflərlə tariximizə yazılacaq, xalqın qəlbində, ruhunda əbədi qalan bir əfsanədir. Onun haqqında qısa da olsa döyüş dostlarının xatirələrini, gördüklərinin bəzilərini, haqqında yazılanları şişirtməklə yox, əsl həqiqətləri olduğu kimi yazmağı özümüzə borc bilirik.
Ermənistan ərazilərinin dərinliklərinə gedərək iki nəfər mənəm-mənəm deyən erməninin əl-qolunu bağlayaraq tək başına qabağına qatıb Qubadlıya gətirən, Gorus şəhəri ətrafında yerləşən təhlükəsizlik qüvvələri tərəfindən ciddi mühafizə edilən və strateji əhəmiyyət kəsb edən “Voratan” SES-i ilə yanaşı olan “Pansionat”ı partladıb göyə sovuran, onlarla ermənini əsir götürərək Qubadlıya gətirən və sonradan dövlət orqanları tərəfindən Azərbaycanlı əsirlərlə dəyişdirilən, adı el arasında dastana çevirən Şahbaz Bozqurddur.
Qafan şəhərinin sabiq polis rəisi Edikin qardaşını və digərlərini ələ keçirən, qaniçənliyi ilə polis rəisi Edikdən geri qalmayan Gorus şəhərinin polis idarəsinin zabitini (mayorunu) və digər bir neçə milis işçisi olan ermənini əsir götürən Şahbaz sonra onlardan şəhidlərimizin layiqli qisasını alaraq, onların qanlarını yerdə qoymamışdır.
Gorus şəhər polis idarəsinin zirzəmisində azərbaycanlılara ağır işgəncələr verən, qansızlığı ilə digərlərindən seçilən Mişanı vaxtı ilə orada əsirlikdə olan azərbaycanlılar yaxşı xatırlayırlar. Mayor Mişa uca boylu nəhəng bir adam idi. Şahbaz onları əsir götürəndən sonra Yuxarı Cibikli kəndi yaxınlığında meşənin içində açıqlıq bir yerdə oturub dincəlirdilər. Şahbaz iti baxışları ilə Mişaya tərs-tərs baxaraq soruşdu: Gorusun “GPZ”-də bizim əsgərlərə işgəncələr verən, onlara qarşı hər cür vəhşiliklər edən o, Mişa sənsən? Cavab ver!
Mişa dinmədi və səssiz qaldı. Sonra Şahbaz onu təkbətək döyüşməyə çağırdı. Ona dedi ki, əgər mənə qalib gəlsən, sağ qalacaqsan, uduzduğun təqdirdə isə başını bədənindən ayıracağam.
Ayağa qalxmaqları ilə bir anda Şahbaz o boyda nəhəng ermənini iki zərbə ilə vurub yerə uzatdı. Sonra isə sinəsinə çökərək onun başını bədənindən ayırdı. Hündür boylu, şux qamətli atletik bədən quruluşuna malik olan bu gənc oğlan zarafatyana adamın əlini sıxanda hər bir adam ağrıya tab gətirə bilmirdi.
Zəngəzur mahalında ona Koroğlu, Qubadlının Qaçaq Nəbisi, Zəngəzur qartalı kimi adlarla şəninə deyilən təriflər də az deyildi. Ermənilər Şahbazın başına küllü miqdarda pul təyin etmişdilər. Həmin illərdə hər bir Qubadlı sakini bundan xəbərdar idi. Hamımız ona ehtiyatlı olmağı tövsiyyə edirdik. Lakin Şahbazı dayandırmaq mümkün deyildi. 1991-ci il tarixində Qarakənd istiqamətində Respublikanın görkəmli dövlət xadimlərinin, tanınmış jurnalistlərinin də olduğu vertolyot ermənilər tərəfindən xaincəsinə vuruldu. Bu hadisə Şahbaza və döyüş yoldaşlarına çox pis təsir etdi. Onlar intiqam hissi ilə alışıb yanırdılar. Şahbaz döyüş yoldaşları ilə birlikdə düşmən ərazisinin dərinliklərinə girərək meşələrdən, sıldırım dağlardan keçərək ermənilərin ağlına belə gəlməyən bir yerdən dörd nəfər ermənini əsir götürdülər. Ermənilərin maşınından götürülən və hərbi formada olduqları şəkilləri, vəsiqələri onların həmin vaxtlar saqqallı erməni “boyavikləri” olduğunu təsdiq edirdi. Onların vəsiqələrindəki saqqalı və hərbi formada olan şəkilləri də bunu təsdiq edirdi. Sonra özləri də “saqqallı” qisas dəstəsinin üzvü olduqlarını boyunlarına aldılar. Lakin məsuliyyətdən yaxa qurtarmaq üçün və yaxud qorxduqlarından bu hərəkata yeni qoşulduqlarını bildirmişdilər. Daha sonra məlum oldu ki, bu ermənilər Meqri rayonundandırlar və “qisasçı” dəstənin başcısı Martikin quldur dəstəsinin üzvləridir. Martiki dostları ilə birlikdə Şahbaz Qubadlıya gətirdi. Onları müxtəlif yerlərdə gizlədirdi ki, yerlərini müəyyən edə bilməsinlər. Həmin vaxtlar Bakı şəhəri Dövlət Təhlükəsiz Xidmətinin yüksək rütbəli əməkdaşları bu işlə bağlı Qubadlıya ezam olunmuşdular. Bakıdan gələn Dövlət Təhlükəsiz Xidmətinin əməkdaşları bu ermənilərin onlara təhvil verilməsini tələb edirdilər. Vəziyyət çox gərgin idi. Hətta ermənilər Meqri rayonunda Bakı - Noraşen qatarının qarşını kəsərək girov götürmüşdülər və əvəzində bizim əsir tutduğumuz erməniləri tələb edirdilər. Bunlar Martikin “qisasçı” dəstəsinin ermənilərin içindəki “nüfuzundan” və eyni zamanda ermənilər üçün çox dəyərli adam olduqlarından xəbər verirdi. Bu hadisələrin baş verdiyi dövr Ayaz Mütəllibovun hakimiyyətdə olduğu illər idi. Hətta girov götürdüyümüz erməniləri Bakıdan gələn Dövlət Təhlükəsizlik xidmətinin işçilərinə vermədiyimizə görə bizim özümüzü həbs etməyə cəhd edirdilər. Bu bizim üçün həyati təhlükələr olmasına baxmayaraq bu namərd düşmənlərdən xalqımızın layiqli qisasını aldıq-:deyən Şahbaz o illəri gözəl xatırlayır.
Erməni “boyeviki” Martik güllələnərkən İntiqam Qayıbov ona demişdir: İsmət Qayıbov kimi bir kişinin qanının yerdə qalacağını düşünürdünüzmü?” Bunlar hələ başlanğıcıdır. Qisas əməliyyatında Milli qəhrəman Aqil Məmmədov, İntiqam Qayıbov, Mais Məhərrəmov, Fuad Şahmuradov və başqaları iştirak etmişdilər.
1992-ci ilin qışında azərbaycanlı əsirlər ermənilərlə dəyişdirilərkən Qafanın Zeyvə kəndindən olan bir hərbiçi Şahbaza yaxınlaşır və deyir ki, ara gördüyün bu sarı UAZ maşını bir vaxtlar sizin olubdur, indi isə bizimdir. Sizinkilərin əlindən almışıq. Şahbaz ermənini vurmaq istəyəndə ətrafdakılar buna imkan vermirlər. Bu sözlər ona çox ağır gəlir. Zeyvə kəndi Qubadlı ilə sərhəddir. Onlar Qubadlıların nələrə qadir olduğunu da çox gözəl bilirdilər. Bu hadisədən bir gün sonra Şahbaz səhər saat 5-6 radələrində Zeyvə kəndində bir evin yanında saxlanılan jiquli maşının qapısını açıb mühərriki işə salaraq qaçırdır. Sərhəd istiqamətində yoxuş yolu ilə avtomobili sürüb qaçarkən maşın palçıq yolda bataraq dayanır və Şahbaz maşından benzin çəkərək ermənilərin maşınına od vurub yandırır.
Şahbaz Bozqurd arxasınca gələn ermənilərin yaxınlaşdığını görüb düşmənlərə rişxəndlə baxaraq onlara əl edərək oradan uzaqlaşır. 1992-ci ilin avqust ayında Şahbaz döyüşçü yoldaşları ilə birlikdə daşnak yuvası sayılan Gorus şəhərindən 4 erməni quldurunu əsir götürmüşdü. Ermənilər tərəfindən bir həftə qabaq şəhid edilmiş yoldaşlarının məzarının önündə onları qətlə yetirərək layiqli qisasını almışdılar. Şəhidlərimizin qanını yerdə qoymamışdılar.
Qarabağ müharibəsində Qubadlı, Laçın rayonlarında Şahbaz Bozqurd döyüşlərdə həmişə döyüşçü dostları ilə birlikdə ön sıralarda olubdur. Gözündə qorxu olmayan, son dərəcə cəsarətli, igid, eyni zamanda olduqca sadə bir insan olan, özündən danışmağı sevməyən və başqalarının da onun şücaətləri haqqında danışmağını xoş qarşılamayan bu cəngavərin cavabı həmişə eyni olub, bu mənim borcumdur.
Şahbaz sonra bildirir ki, yaxşı olar ki, siz şəhidlərimiz haqqında, onların göstərdikləri qəhrəmanlıqlardan danışasınız. Onların yaşadıqları şərəfli ömür yollarından yazasınız. Şahbaz Bozqurdun keçdiyi döyüş yollarının hamısından yazmağa uzun bir zaman lazımdır. Bunu isə vətənpərvər, vicdanlı, əsl həqiqətləri yazmağı bacaran yazarlardan, şişirtmələrdən uzaq olan qeyrətli yazarlarımızın öhdəsinə buraxırıq. Şahbaz xalqımızın, Zəngəzurluların əfsanəvi qəhrəmanıdır. Onunla fəxr edirik. Şahbaz Bozqurd haqqında fikirlərinizi, xatirələrinizi onun döyüş yolları haqqında bildiklərinizi bizimlə paylaşmağınızı sizdən xahiş edirik.
Hal-hazırda müharibədən sağ qalan döyüşçü yoldaşlarının Şahbaz Bozqurd haqqında qısa xatirələrindən çox kiçik bir hissəni sizlərə təqdim etdik.
RAUF İLYASOĞLU.
" Həkəri"qəzetinin baş redaktoru, şair- araşdırmaçı jurnalist,
FAİQ ABDULLAYEV.
Tədqiqatçı, hüquqşünas, yazıçı.