QHT-nin nəşri olan kitabın Ukraynanın Dnepropetrovsk şəhərində təqdimatı keçirilib

QHT-nin nəşri olan kitabın Ukraynanın Dnepropetrovsk şəhərində təqdimatı keçirilib

Mayın 28-də Ukraynanın Dnepropetrovsk şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsi əsasında “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” kitabının (müəllif: Hacı Nərimanoğlu) təqdimatı olub.

zengezur.com kitabın tərcüməçisis Andrey Çurkanovun feysbuk səhifəsində  https://www.facebook.com/andrii.tsurkanov yayılan vide-lent və foto-xəbərə istinadla xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin iclas zalında keçirilən tədbiri Birliyin Ukrayna təmsilçisi Eldar Tağıyev açıb, kitab haqqında ətraflı məlumat verib. Bildirib ki, ukrain dilində çıxan bu kitabın ilk nüsxələri SSRİ-nin axırıncı Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın Poltava vilayətinin Priyatinsk rayonunun Viktoriya kəndində doğulub böyüyən kənddə ata, anasına, oxuduğu, hazırda adını daşıyan məktəbə, Poltavadakı muzeyinə təqdim edilib. Kitabda Oleq Babakın Qubadlı rayonunun Yuxarı Cibikli kəndindəki son döyüşünə, uşaqlıq, gəncik çağlarına dair ətraflı məlumatlar verilib, eyni zamanda, Azərbaycan – Ukrayna dostluğuna, azərbaycanlıların Rusiya təcavüzünə məruz qalan Ukrayna uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlığa, Azərbaycan diasporunun fəaliyyətinə dair geniş yazılar da yer alıb.

Çıxış edənlər kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə, xüsusilə kitabın ukrain dilinə tərcüməçisi Andrey Çurkanova təşəkkür ediblər. Kitabın nüsxələri tədbir iştirakçılarına paylanıb.

Xatırladaq ki, kitab 1991-ci il aprelin 7-də Qubadlı rayonunun Yuxarı Cibikli kənd sakinlərini  separatçı erməni silahlı dəstəsinin hücumundan qoruyarkən hərbi vəzifə borcunu yerinə yetirərək həlak olan ukraynalı gənc leytenant Oleq Yakovleviç Babakın ömür yoluna həsr edilib. Leytenant Oleq Babak hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə ölümündən sonra SSRİ prezidentinin 17 sentyabr 1991-ci tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.