Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsi əsasında “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” kitabı (müəllif: Hacı Nərimanoğlu) iki dildə nəşr olunub.
zengezur.com xəbər verir ki, kitab 1991-ci il aprelin 7-də Qubadlı rayonunun Yuxarı Cibikli kənd sakinlərini separatçı erməni silahlı dəstəsinin hücumundan qoruyarkən hərbi vəzifə borcunu yerinə yetirərək həlak olan ukraynalı gənc leytenant Oleq Yakovleviç Babakın ömür yoluna həsr edilib. Leytenant Oleq Babak hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə ölümündən sonra SSRİ prezidentinin 17 sentyabr 1991-ci tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O, 1941-1945-ci il müharibəsindən sonra bu adı alan ilk və sonuncu milis zabiti olub.
Kitabda Oleq Babakın uşaqlıq, təhsil illəri, Orta Asiya, Baltik, Qafqaz respublikalarında sülhməramlı hərbi qüvvələrin tərkibində fəaliyyəti, son döyüşdə göstərdiyi qəhrəmanlıq, Qubadlıda onu görüb tanıyanların, döyüşçü dostlarının, müəllimlərinin xatirələri yer alıb.
Azərbaycan-Ukrayna münasibətləri, xüsusi olaraq bu kitab üçün yazılmış, Ukrayna mediasında Azərbaycan həqiqətlərinə həsr olunmuş məqalələr, diplomatik və diaspor nümayəndələrimizin ölkə rəhbərinin tapşırığına uyğun olaraq Oleq Babakı ailəsinə göstərdikləri ardıcıl diqqət və qayğınə əks etdirən yazılar, fotolar da kitaba daxil edilib.
Kitabın məsləhətçisi general-mayor, Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisin keçmiş eks-deputatı Vladimir Vasilyeviç Timoşenko, Ön sözün müəllifi və redaktoru Qubadlı rayon İcra hakimiyyəti yanında İctimai Şuranın sədri, Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Qubadlı rayon təşkilatının sədri Razim Əliyev, ukrain dilinə tərçüməçisi Ukraynanın tanınmış yazıçı-publisisti, “Вогні Азербайджану” qəzetinin baş redaktoru Andrey Çurkanovdur.
Hər iki kitab “Füyuzat” nəşriyyatında rəngli formatda nəşr edilib.