zengezur.com manevr.az saytına istinadla xəbər veriri ki, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının "Namiq Dəlidağlı-Sözdə görünən adam” adlı yeni kitabı nəşr edilib. Nəfis tərtibatla çap olunan kitabda müəllifin yaradıcılığına həsr edilən ədəbi-tənqidi məqalələr, təhlil yazıları, doğmalarının, dostlarının onun haqqında fikirləri, eləcə də şairlə aparılan müsahibələr və ona ithaf olunan şeirlərin bir qismi yer alıb.
Beş bölmədən ibarət kitabın “Fikirlərin ünvanı” adlı birinci bölməsində şairin yaradıcılığını təhlil edən ədəbi-tənqidi yazılar toplanıb. “Görün, dostlar nə deyir...” adlı ikinci bölmədə müəllifin doğmalarının və dostlarının onun haqqında düşüncələri təqdim olunub.
“Sual verdilər ki...” adlı üçüncü bölmədə müxtəlif dövrlərdə Namiq Dəlidağlı ilə ədəbi ruhda aparılan müsahibələr yer alıb. “Misralarda göründüm” adlı dördüncü bölmədə ona ithaf edilən poetik nümunələr toplanıb. "Şəkillərdə qalan vaxt" adlı beşinci bölmədə isə şairin həyatının müxtəlif məqamlarını əks etdirən fotolar verilib.
Nəşr müəllifin 55 illik yubileyi münasibətilə hazırlanıb və onun yaradıcılığına maraq göstərən oxucular üçün bir mənbədir.
Kitabın redaktoru AYB və AJB üzvü Sevinc Qəribdir.
Xatırladaq ki, Namiq Dəlidağlının indiyədək "Ağ gecənin nağılı", "Otel otağından reportaj", "Əllidə ələnənlər", "Sevgi sukunəti"(Özbəkistan), "Men ubakıttan utuldum"(Qırğız respublikası) adlı şeir kitabları oxuculara təqdim olunub. N.Dəlidağlı həmçinin Vətən müharibəsi şəhidi Sahib Musayevə həsr edilən "Bitməyən ömrün yarımçıq gündəliyi" publisistik kitabın müəllifi və dörd publisistik toplusunun həmmüəllifidir.
Şairin əsərləri ölkəmizdə və xaricdə nəşr olunan ədəbi toplularda dərc edir. O, ABŞ, Türkiyə, Pakistan, Cənubi Koreya və digər ölkələrdə şeir və məqalələri ilə ardıcıl olaraq çıxış edir.
Şair Prezident mükafatına, “Qızıl qələm” və digər ədəbi-media mükafatlarına, o cümlədən Qazaxıstanın "Əhməd Yasəvi" mükafatına, eləcə də "Çingiz Aytmatov - qızıl qələm” medalına layiq görülüb.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi istedadlı qələm sahibi Namiq Dəlidağlını yeni kitabının nəşr olunması münasibətilə təbrik edir, dəyərli sənətkarımıza bundan sonra da sağlam, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayır.
***
Müəllifin öz kitabına Ön sözü : İPUCU
Düşmən yurd yerlərimizi yağmalamaqla təkcə torpaqlarımıza deyil, mənəvi dünyamıza, həyat tərzimizə, gələcəyimizə də çox ağır zərbə vurdu. Canımızı götürüb qaçmaqla heç də “irəli” düşmədik. Çətin keçirdiyimiz sonrakı illər bizi rəngarəng “sürpriz”lərlə qarşıladı: evsizlik, işsizlik, mövcud şəraitə uyğunsuzluq... Bütün bunlar ağır bir yük kimi çiyinlərimizə çökdü. Didərginlik uzun müddət yurd salmağımıza, “bir yerə kül tökməyimizə” imkan vermədi. Məcburi köçkün olduğumuz müddətdə mənəvi əziyyətimizlə yanaşı maddi problemələrin də məngənəsində sıxıldıq. Kirayələr, sığınacaqlar, dörd fəslin dördündə də “arana-dağa” köçümüz bizə baha başa gəldi. İtirdiklərimizin miqyası çox böyük oldu.
Bu gün ulu yurdumuz azaddı. Bu yolda canını qurban verən şəhidlərimiz daim qəlbimizdədi, qazilərimizə sağlamlıq diləyirəm. Ancaq yurd-yuvasız keçirdiyimiz o ağrılı illəri unuda bilməyəcəyik. Çəkdiyimiz zülm və zillətin ağrısı heç vaxt canımızdan çıxmayacaq.
...Dəyərli qələm adamlarının, şeir-söz sevdalılarının haqqımda qələmə aldığı yazıların bir qismi zamanın burulğanında itib-batdı. "Yerdəyişmələr" zamanı harda qaldığını bilmədim. Qəzetlərdə dərc edilən, hətta işıq üzü görməyən yazılar var idi ki, onların hamısını qoruyub saxlaya bilmədim. İlk baxışda bu, adi görünə bilər. Lakin illər bir-birini əvəzlədikcə
həmin yazıların həyatımda tarixi nümunə kimi yeri hiss olunur.
Müasir dövrümüzdə, eləcə də bundan sonrakı çağlarda bu gün düşündüyümüz və etdiklərimiz bəlkə də gərəksiz, lazımsız bir iş kimi qəbul olunacaq. Ancaq mövcud durumda, indiki zamanda hələ də təbii yazılara, insan təfəkkürünün və beyninin
məhsuluna ehtiyac duyulur. Süni intellektin tam dəbə mindiyi dövrlərdə düşünürəm ki, bu gün iki kəlməsinə, bir cümləsinə ehtiyac duyduğumuz aydınlarımızın qələminə də gərək qalmayacaq. (Əslində qalacaq. Ancaq “süni tərəqqi” təbii duyğu və hissləri, düşüncələri kölgədə qoyacaq) Çünki “köhnə nəsil” sıradan çıxdıqca, yeni nəsil süninin diqtəsinə, məsləhətinə və
yazdıqlarına daha çox dəyər verəcək. Bu süniləşmiş inkişaf paralel şəkildə gedəcək, hətta bütün təbii varlıqları geridə qoyacaq. Zamanın hökmünü qəbul etmək məcburiyyətindəyik. Bu günün bütün tələblərini həzm etməliyik. Biz zamanın axarına qarşı çıxan-zad deyilik. Çıxıb nə edəcəyik ki...
55 yaşıma gəlib çatdım. Nə qazandım, nə itirdim - bunları burada sadalamağa lüzum görmürəm. Ancaq bir həqiqəti
qandım ki, vaxt gerçəkdən çox qiymətli və dəyərlidi. “Ötənləri unut, gələcəyə bax, heç vaxt heç nə gec deyil” kimi fəlsəfi-təsəlli fikirlər hər zaman işə yaramadı, mənə təskinlik vermədi. Hər ötən gün, ay, il üçün heyifsiləndim, ürəyimin dərinliyindən bir ah qopdu. Bu hisslər müəyyən yaş dövründən sonra məni daha çox göynətdi. İndiyə kimi haqqım olanları əldə edə, bacarıq və potensialımı tam şəkildə ortaya qoya, bir çox hallarda isə yaradılan süni maneələri dəf edə bilməməyim başqa bir ağrılı tərəfdir. Ömür davam edir. Ürəyimlə dil tapa bilsəm, qarşı-
da hələ illər və görüləsi işlər var, sağlıq olsun.
Yaradıcılığıma və şəxsiyyətimə yönəlik dəyərli məqalələrə, həsr edilən şeirlərə, alınan müsahibələrə görə müəlliflərə, əziz
qələmdaşlarıma və dostlarıma təşəkkür edirəm. Bu qələm sahiblərinin bəziləri artıq həyatda yoxdu. Onlara Uca Yaradandan rəhmət diləyir, yaşayanlara can sağlığı arzulayıram.
Haqqımda yazılan ədəbi-tənqidi məqalələr, dost fikirləri, təbriklər, şeirlər və məndən götürülən müsahibələrin bir qismini toplayaraq 55 yaşımda kitab halında nəşr etdirməyi qərara aldım. Buyurun...
Sevgi və sayğılarla;
Namiq Dəlidağlı
2025
***