Mingəçevirin 78 yaşına

Mingəçevirin 78 yaşına

78 il əvvəl noyabrın 11-də Mingəçevir şəhər statusu alıb və hər il bu əlamətdar tarix ölkəmizdə  Mingəçevir şəhər günü kimi təntənə ilə qeyd edilir.  Ancaq Mingəçevirin yaşayış yeri kimi tarixi qədimdir və min illərin o üzünə qədər uzanıb gedir və tariximizin mühüm bir dövrünü yaşadır.
Qədim Mingəçevir. Birinci minillikdən əvvəl yaşamış tarixçi, coğrafiyaşünaslar Plutarx, Strabon, Ptolomey öz qeyd və xəritələrində Kürün sağ və sol sahilində hazırkı Mingəçevirin yerləşdiyi ərazidə geniş sahədə zəngin yaşayış məskəninin mövcudluğundan bəhs edib. Şəhərə bitişik Mingəçevir və Hürüuşağı kəndlərində indiyədək xeyli qədim qəbir yerləri qalıb. Övliya Çələbi (1611-1682) "Səyahətnamə"sində Mingəçevir haqqında məlumat verib, Kür çayının sağ sahilində Bozdağın ətəyində yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkib və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğunu yazıb.
1871-ci ildə Peterburqda II Rusiya arxeoloji qurultayında Qafqaz arxeoloji komitəsinin sədri A.R.Berje məruzəsində diqqəti Mingəçevirin qədim insan məskəni olmasına dair çoxsaylı faktlara yönəldərək, bu ərazinin tarixinin ətraflı öyrənilməsinin zəruriliyini vurğulamışdı. F.S.Bayer, Y.A.Paxomov, K.V.Trever, Q.İ.İone, Q.M.Aslanov, P.M.Vahidovun tədqiqatlarında ərazidə zəngin maddi-mədəniyyət abidələrinin mövcudluğu qeyd edilib.
1941-ci ildə "Azərbaycan arxeologiyasının atası", Mingəçevir arxeoloji ekspedisiyasının rəisi Saleh Qazıyevin rəhbərliyi ilə Samux-Mingəçevir ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazidə Cənubi Qafqazın ən iri arxeoloji kompleksi - eneolit dövrünə (e.ə III minillik) aid 4 qədim insan məskəni, onlara bitişik qəbiristanlıqlar, 20 kurqan, 30 minədək maddi-mədəniyyət nümunəsi aşkar olundu. Tapılan əkinçilik, heyvandarlıq, sənətkarlıq, ovçuluq alətləri burada əhalinin oturaq həyat sürdüyünü sübut edirdi. Qədim şəhərin izləri, 200 qəbir və katakombada aparılan tədqiqatlar insanların antropologiyası, sosial təbəqələşməsi, dünyagörüşü, məişəti, adət-ənənələri, qonşu ölkələrlə əlaqələri, ərazidə gedən qanlı savaşlar barədə zəngin məlumatları üzə çıxarmışdı. Mingəçevir-Samux bölgəsinin arxeoloji mənzərəsi Alban tariximizin, kökümüzün canlı salnaməsi, daş yaddaşı, əyani təcəssümü idi. Samux-Mingəçevir ərazisi Alban dövlətinin inkişaf etdiyi dövrlərdə mədəni mərkəzlərdən biri kimi tanınmışdı. Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə burada alban əlifbası tərtib edilmiş, məktəblər açılmışdı. Mingəçevir dənizinin, keçmiş Samuxun ərazisi e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında qanlı döyüşlərin mərkəzi olub. Roma mənbələrində bu savaş barədə ətraflı məlumatlar var.
Qədim Mingəçevir İpək yolunun aparıcı qollarından biri idi. Kür çayı vasitəsilə qayıqlarla Gürcüstana, oradan Rioni çayı ilə Qara dəniz sahil şəhərlərinə müxtəlif çeşidli mallar daşınırdı. Eləcə də Yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim şəhərlərinə mühüm karvan ticarət yolu buradan keçirdi. Tariximizə sahib çıxmaq kimi məkrli niyyətini hər zaman açıq göstərən bədnam qonşularımızın hiylələri, planları bu dəfə də öz işini görüb: Moskvadan gələn təlimatla arxeoloji tədqiqatlar qismən dayandırılıb, çox sayda alban yazılı abidələrinin də olduğu daş kitabələr (Mingəçevir - Sudağılan epitafiyası) ölkədən çıxarılıb, izi itirilib.
Qafqazda türk, alban mövcudluğunun tarixinə dair yüzlərlə epiqrafik yazılı maddi-mədəni abidə rus-erməni gizli planları əsasında üstü açılmadan əbədi olaraq izi itirilmək məqsədilə Mingəçevir su bəndinin altına kömülmüşdür.
Mingəçevirin tarixi barədə “Azərbaycan” jurnalının 2001-ci il 12-ci nömrəsində çıxan “Mingəçevir - ulu tariximizin yaşıdı” adlı 10 səhifəlik elmi-publisistik məqaləmdə bu məsələlər  barədə yazmışam; akademik Tofiq Hacıyevlə akademik Teymur Bünyadov bu yazıya müsbət reaksiya vermişdi. Mingəçevir toponiminə müxtəlif şərhlər (bəzən “min, gəl, qayıt”, Məniçöhr tipli primitiv) mövcuddur, onların arasında düzgün sayıb qəbul etdiyim budur: toponimdə iki türk-alban tayfasının - "məng" və "savir"in adı birləşib, fonetik dəyişikliyə uğrayaraq daşlaşıb. Hər iki tayfanın Qafqazda mövcudluğu və Qafqaz türklərinin soy-kökündə iştirak etdiyi məlumdur. Türk dünyasının bütün guşələrində, o cümlədən, Azərbaycanda bu tayfaların adını yaşadan xeyli toponim var. Ancaq bir tarixi fakt da var: "Təbəriyə görə, Afşinin Azərbaycanda öz yerinə qoyduğu sərkərdəsi Mingicavır Babəkə məxsus kəndlərin birində olan evdə böyük xəzinə tapıb bu haqda nə Afşinə, nə də xəlifəyə xəbər verməyərək mənimsəmişdi." (Azərbaycan tarixi, ali məktəblər üçün dərslik, Bakı Univesiteti-2019, s.51)
Həmin məqalənin bir bölümünün başlığı belə idi: “Mingəçevir su bəndinin dağılmaq təhlükəsi varmı?” Bu yazıya əlavə etdiyim mütəxəssis rəyləri ilə bağlı deputat, Xalq yazıçısı Anarın Milli Məclisin qapalı sessiyasında xüsusi məlumatı dinlənilmiş, Nazirlər Kabineti qərar qəbul etmişdi. 
 Vaxtilə Azərbaycanın elektrik enerjisinin – işığının 70 faizini ödəyən  energetiklər şəhəri Mingəçevir respublikamızın 4-cü sənaye, yaşayış məskəni olmaqla bərabər həm də  şöhrətli Alban tariximizin yaşıdıdır!
Samuxla Mingəçevir əkiz qardaşdır, ancaq Samux nəinki Azərbaycanda, Qafqazda, hətta, dünyada ən faciəli tale yaşayan yurd yerimiz olub. Minlərlə hektar nadir fauna və florası olan ərazi qədim tariximizin üstü açılmamış dəfinə, xəzinələri, el-obaları, qəbiristanlıqları, əkin yerləri, ev-eşikləri, tarixi abidələri ilə birlikdə sular altında qalıb. "Samux" alban mənşəli toponimdir: "meşəlik", "ağaclıq", "ov yeri" mənasını verir. Hələ çar dövründə - 1910-cu ildə Samuxun böyük bir hissəsi qoruq ərazisi elan edilmişdi. Bu torpaqlarda bitən nadir Eldar şamı meşəliyi 1901-ci ildə rus alimi S.Medvedyev tərəfindən öyrənilmiş, onun dünyada bənzəri olmayan relikt ağac növü olduğu sübut edilmişdi. Xalq yazıçısı Süleyman Rəhimovun dilindən eşitmişdim ki, Samuxun I katibi olarkən nadir tarix və təbiət abidələrinin məskəni olan Samux ərazisində rəsmi Moskvanın su bəndinin inşasına başlamaq niyətinə mənfi reaksiyasına görə dərhal buradan uzaqlaşdırlıb   Şahbuz rayonuna I katib göndərilmişdi.
Müasir Mingəçevir. SSRİ Nazirlər Sovetinin 1945-ci il 6 iyul tarixli qərarı ilə Mingəçevir SES-in inşasına başlandı. Tikintiyə İttifaq büdcəsindən hər il respublikamızın öz büdcəsindən çox vəsait ayrılırdı. Mingəçevir indi respublikamızda hasil olunan elektrik enerjisinin 65 faizini verir.
Mingəçevir hidrostansiyasının - SES-in texniki göstəriciləri su altında qalan ərazinin miqyasını da, görülmüş işlərin vüsətini də göstərir: bəndin torpaq səddinin hündürlüyü 80 metr, uzunluğu 1550 metr, bünövrəsinin eni 320 metrdir, torpaq tutumu 15,6 milyon kubmetrdir. Burada Avropada ən böyük süni göl (su anbarı) yaradılıb. Sahəsi 605 kvadratkilometr olan Mingəçevir dənizinin su tutumu 17 milyard kubmetr, uzunluğu 75 kilometr, eni 9-18 kilometr, dərinliyi 25-70 metrdir. SES-in illik hasilat gücü 1,5 milyard kilovat/saat, Vərvərə SES-in gücü isə 16,5 milyon kilovat/saatdır. Yuxarı Qarabağ kanalından saniyədə 110 kubmetr, mənbəyini Xanabaddan götürən Şirvan kanalından isə saniyədə 70 kubmetr su axır. Kür çayının SES-dən Vərvərə su anbarının yuxarısınadək olan hissəsi (təxminən 10 kilometr) Avropada ən böyük təbii avarçəkmə kanalı sayılır. Məhz buna görə Mingəçevir dəfələrlə beynəlxalq yarışların məkanı seçilib.
Hələ sovetlər dönəmindən Ana Kürün sahilinə, məğrur Bozdağın sinəsinə sığınan Mingəçevir yaşıllığı ilə sayılıb seçilib, sevilib, şəhər indi də gündən-günə gözəlləşir, simasını dəyişir, səliqə-sahmanı ilə göz oxşayır. Ona bu gözəlliyi, təravəti bəxş edən səmimi və mehriban insanları - mingəçevirlilərdir. Qədirbilən mingəçevirlilər nur şəhərinin ilk qurucularına, tikintiyə rəhbərlik etmiş görkəmli şəxsiyyətlər İslam İslamzadə, Kamran Hüseynovun xatirəsinə hər zaman xüsusi ehtiram göstərirlər, indi onların adı şəhərin küçələrində əbədiləşib. Mingəçevirlilər bu şəhərə namus, vicdanla xidmət edən, adı, izi qalan rəhbərləri unutmadığı kimi, vəzifədə olarkən şəhərə yalnız gəlir mənbəyi kimi baxmış ləyaqətsiz bivecləri də layiq olduqları epitetlərlə xatırlayır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayon inzibati ərazisində 1686 hektar sahədə "Eldar şamı" Dövlət Təbiət Qoruğu yaradılıb.
1990-cı illərə qədər Mingəçevirdəki nadir zavodların çoxuna birbaşa dəmiryol xətti çəkilmişdi və buradan SSRİ-nin hər yerinə hazır məhsullar göndərilir, yaxud xammal gətirilirdi. Bu şəhərin və elektrik stansiyalarının inşasında SSRİ-nin bütün respublikalarından, ən çox da Rusiyadan 100 min nəfər çalışıb. Buraya 20 min dustaq, 20 min alman əsiri də daxildir və indi Bozdağın ətəyində 911 almanın, Almaniya tərəfindən savaşa qatılmış digər millətlərin əsgər və zabitinin məzarı var. Almanların tikdiyi binalar, körpülər, yaşadıqları evlər indiyədək sağ-salamat qalıb. Mingəçevirdə 15 millətin nümayəndəsi yaşayır. Bu şəhər Qarabağ müharibəsində 400-dək şəhid verib, ölkəmizdə ən çox - 106 itkin də mingəçevirlilərin qəlbində sağalmaz yaradır, 200-dək mingəçevirli əlil olub. Burada 20 mindən çox məcburi köçkün məskunlaşıb. Təskinlik tapıram ki, Mingəçevirin şəhidləri haqqında nəşr edilmiş 4 kitabın üstündə adım gedib. 
Mingəçevir yaşıllıqlar şəhəridir, çox sevinirəm ki, şəhərin indiki rəhbərliyi də bu ənənəni, Mingəçevirin yaşıl şəhər statusunu qoruyub saxlayır, daha da genişləndirir.
Bu əziz gündə AZƏRTAC-ın “Kür” İnformasiya Mərkəzinin rəhbəri olaraq ömrümün 12 ilini yaşadığım Mingəçevirin sakinlərini, bu şəhəri özünə dogma bilən hər kəsi təbrik edirəm, hər zaman səninləyəm, həmişə xoş sədan gəlsun, Nur şəhərim! 

Hacı NƏRİMANOĞLU
“Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri, DİN-in Polis Akademiyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru