Bakı, 6 iyun 2013-cü il (AzərTAc). Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində Zəngəzurun tarixinə həsr edilmiş veb-saytın (www.zengezur.com) təqdimatı olmuşdur. Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri Birliyi tərəfindən hazırlanmışdır.Birliyin sədri və layihənin rəhbəri Hacı Nərimanoğlu 14 bölmədən ibarət saytda yerləşdirilmiş materiallar barədə ətraflı məlumat vermişdir. O, yeni saytda Zəngəzur mahalının tarixi keçmişi, tanınmış şəxsiyyətləri haqqında yazılan kitab və məqalələrin, sənədlərin, rus və ingilis dillərində məlumatların da toplandığını, bu internet resursun daim zənginləşdiriləcəyini, Azərbaycanın tarixi həqiqətlərinin öyrənilməsi, təbliğində faydalı olacağını vurğulamışdır.
Təqdimatda “Zəngəzur” Cəmiyyətləri Birliyi Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü Vəli Əliyev XX əsrdə azərbaycanlıların indiki Ermənistan ərazilərindən deportasiyası və soyqırımının tarixi-siyasi fakt olaraq ilk dəfə ümummilli lider Heydər Əliyevin imzaladığı sənədlərdə əksini tapdığını vurğulamışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl, qətiyyətli fəaliyyətindən danışaraq, dövlətimizin başçısının 2010-cu il sentyabrın 16-da İstanbulda keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında nitqində dediyi sözləri xatırlatmışdır:“Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı”.
Tədbirdə saytın videoarxivində toplanmış ulu Zəngəzur ellərinin görüntülərinin əks olunduğu ədəbi-musiqili videolentlər elektron tabloda nümayiş etdirilmişdir.
Sonda müəllim və tələbələrə Birliyin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Hacı Nərimanoğlunun “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabının nüsxələri paylanmışdır.