"Zəngəzur" Cəmiyyətləri Birliyi adları Azərbaycan və Türkiyənin qəhrəmanlıq salnaməsi tarixinə yazılmış Sultan bəy Sultanovun və Nuru Paşanın həyat və mübarizəsinə, Türkiyə-Azərbaycan qardaşlığına həsr edilmiş ən yaxşı kitab, məqalə, teleradio materiallarının müəlliflərini mükafatlandıracaq.
"Zəngəzur" Cəmiyyətləri Birliyi İdarə Heyətinin çıxardığı bu qərar bu il Sultan bəyin anadan olmasının 140, Nuru Paşanın anadan olmasının isə 130 ilinin tamam olması ilə bağlıdır.
Birliyin sədri Hacı Nərimanoğlu "Media forum" saytına bildirib: "İşğal altında olan Qarabağ-Zəngəzur və digər bölgələrimizdəki torpaqlarımıza qayıdış xalqımızın milli mənlik, heysiyyət, qürur, vətənpərvərlik və hərbə hazırlıq duyğularının oyanışından keçir. Bu yolda Sultan bəy və Nuru Paşanın komandanlıq, qəhrəmanlıq və xalqı vahid məqsəd uğrunda birləşdirmək bacarığı tariximizin ən ibrətli örnəyidir. Bunları nəzərə alaraq, eyni zamanda Azərbaycan-Türkiyə birliyinin çağdaş dövrdə hər zamankından daha ümdə əhəmiyyət kəsb etdiyini anlayaraq Sultan bəy və Nuru Paşanın üst-üstə düşən yubileylərində ən yaxşı kitab, məqalə, teleradio materiallarının müəlliflərini mükafatlandırmaq qərarına gəlmişik.